Spinner

Multikulturalist ənənələrə sahib qədim islam dövləti - Şirvanşahlar

Qədim tarixə malik ölkəmizdə əsrlər boyunca müxtəlif xalqların birlik və bərabərlik halında yaşadığını görə bilərik. Nəinki, Azərbaycan, hətta dünya tarixində əhəmiyyətli yerə malik olan Şirvanşahlar dövlətində də multikultural ənənələr mövcud olmuşdur. Şirvanşahlar min ilə yaxın bir müddətdə Azərbaycanın şimal-şərq torpaqlarını idarə etmiş, tariximizin şanlı səhifəsinə izlər qoymuşlar.
Şirvanşahların hakimiyyəti dövründə bu ərazilərdə təxminən yarım milyona yaxın xalq yaşamışdır. Bu xalqın əsasını oğuz türkləri təşkil etsə də, bununla yanaşı Sasanilər dövründə burada məskunlaşan köklü fars ailələri, Qafqazda yaşayan müxtəlif xalqların nümayəndələri də ölkənin siyasi və ictimai həyatında əsas yer tuturdular.
 Şirvan ərazisində qədimdən bəri Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan, eləcə də şərqdən və cənubdan gəlmiş oturaq və köçəri tayfalar da məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı  Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələrin kəsişdiyi məkan olmuşdur. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da sübut edir.
 Şirvanın toponimikasınına nəzər salsaq belə bir nəticəyə gəlib çıxarıq ki, qədim zamanlardan bəri Şirvan ərazisində buranın toponimikasında iz qoyan müxtəlif tayfalar məskunlaşmışdır. Mənbələr və toponomik məlumatlar göstərir ki, Qafqaz, irandilli və türkdilli tayfalardan ibarət olan yerli əhali eramızın əvvəlindən etibarən köçəri türklərin gəlməsi ilə onlara qaynayıb-qarışmışdırlar. Türk tayfalarının burada məskunlaşması Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamışdır.
 Şirvanşahlar dövlətində rəsmi dövlət dili fars dili idi. Ərəb dilindən dini müəssisələrdə istifadə olunurdu. Canlı danışıq dili kimi türk - Azərbaycan dili əsas yer tuturdu. Bədii və elmi əsərlər həm fars, həm də ərəb dillərində yazılırdı. Müxtəlif yazıçılarımız və söz ustadlarımızın  Şirvanşahlar dövründə yazıb-yaratdıqları əsərlər bu gün ədəbiyyatımızın qızıl fondunu təşkil edir. 
 Xl-XIII əsrlərdə bütün Yaxın Şərqdə olduğu kimi, Şirvanda da poeziya yüksək səviyyədə inkişaf etmişdir. Fars dili ədəbiyyatda, həmçinin şeir dilində ərəb dilini sıxışdıraraq üstün yer tutmuşdur. Bu dövrün şairlərinin fars və ərəb dilləri ilə yanaşı, türk dilində olan əsərlərinə də rast gələ bilərik. Buna misal olaraq XIII əsrin şairlərindən olan Həsənoğlunun türk və fars dilində lirik şeirlərini və onun müasiri Bakılı şair Nəsirin şeirlərini göstərə bilərik. Nəsirin Hülaki hökmdarı Olcaytu Məhəmməd Xudabəndənin Şirvanşahların paytaxtı olan Bakı şəhərini bir sıra vergilərdən azad etməsi və şəhərin abadlaşdırılmasına dair fərman verməsi ilə bağlı yazdığı  Azərbaycan dilində müxəmməsi də dövrümüzədək gəlib çatmışdır.
 Orta əsrlərdə bütün yaxın Şərqdə, həmçinin Şirvan ərazisində bədii dildə əsas yeri qəsidə, qəzəl və rübai tuturdu. Dövrün Şirvan hökmdarları da ədəbiyyata yüksək qayğı göstərir, saraylarında tez-tez şeir məclisləri təşkil edirdilər.  XI əsrdə hakimiyyətdə olmuş Şirvanşah I Fəribürz  Şirvanşaha ərəb dilində mədhiyyələr yazan şairləri sarayına himayəsinə almışdı. XII əsrdə hakimiyyətdə olmuş Şirvanşahlar III Mənuçöhrün və I Axsitanın hakimiyyətləri dövründə sarayda  farsdilli şeir məktəbi yaradılmışdır. Məktəbə məlik üş-şüəra (şairlərin şahı) titulu daşıyan Nizaməddin Əbülüla Gəncəvi başçılıq edirdi. Bu məktəb Şirvanın görkəmli şairləri Fələki və Xaqani kimi şairlər yetişdirmişdir. Dünyaca məşhur şair Nizami Gəncəvinin Şirvanşah  I Axsitanın sifarişi ilə məhəbbət mövzusuna həsr olunmuş üçüncü poeması "Leyli və Məcnun" əsərini yazmışdır. Ərəb əsilli Şirvanşahlar sülaləsinin  fars dili və onun ədəbiyyatına qayğısı bir daha Şirvanşahların multikultural ənənələrə sahib olduğunu sübut edir.
 Şirvanşahlar sülaləsinin hökmdarları dinindən, mənşəyindən və əqidəsindən asılı olmayaraq daim xalqının hər bir fərdinə bərabər hüquqla davranmışdır. Şirvanşah I İbrahimin hakimiyyəti dövründə ölkədə Hürufilik təriqəti sürətlə yayılmağa başlamışdır. Ölkənin üləması bu məsələdən narahat idi və tez-tez şaha etirazlarını bildirsələr belə, Şirvanşah İbrahim Hürufilik təriqətinin müridlərini öz himayəsinə almışdır. Ancaq Şərqin Fatehi Teymurləngin Şirvana yürüyüşü bu məsələni dəyişdi. Bu il ölkəmizdə 650 illik yubileyi keçirilən məşhur şair İmaməddin Nəsimi də məhz Şirvan torpağında doğulub, təhsil almışdır. Şirvan ərazisində onlarla xanəgah və karvansaray vardır ki, hürufilər də bu xanəgahlarda toplaşırdılar. Karvansaraylar multikulturalizm tarixində əhəmiyyətli rol oynamışdırlar, tarix boyunca müxtəlif ölkələrin nümayəndələri burada öz mədəniyyətlərini nümayiş etdirib tanıdır və mədəniyyətlərini müxtəlif ölkələrə yayırdılar. 
 Orta əsrlərin ən qüdrətli qadın hökmdarı olan Kraliça Elizabet Tüdorun dediyi kimi “Əhəmiyyətli olan İngiltərədir, din deyil!” fikri yalnız İngiltərədə deyil, müəyyən dövrlərdə Şirvanşahların da əsas siyasəti olmuşdur. 
Şirvanşahlar dövləti ilə yanaşı xanədan daxilində də multikultural dəyərlərə rast gələ bilərik. Belə ki, Şirvanşahlar hakimiyyətləri dövründə müxtəlif qonşu dövlətlərlə nikah diplomatiyası yeridiblər. Nikah diplomatiyası zamanı onlar müxtəlif mədəniyyətləri öz saraylarına gətirir, öz mədəniyyətlərini müxtəlif saraylara göndərirdilər.
Bildiyimiz kimi Şirvanşahları üç sülalə idarə edib-Məzyədilər, Kəsranilər, Dərbəndilər. Prof. Sara Aşurbəyli araşdıraraq hər üç sülalənin eyni soydan gəldiklərini və sadəcə sülalə daxili etnik dəyişikliklərin olduğunu sübut etdi. Məzyədilərdə ərəb tayfa mədəniyyəti, Kəsranilərdə Sasani-fars mədəniyyəti, Dərbəndilərdə isə orta əsr türk mədəniyyəti dövrü ilə seçilir.
XI əsrdə, yəni Yezid ibn Əhmədin hakimiyyəti illərində Şirvanşahlar dövlətində ərəb mədəniyyəti ilə Sasani-fars mədəniyyətinin inteqrasiya dövrü başladı. XI əsrdən başlayaraq ərəb mənşəli Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələrlə qohumluq əlaqəsinə  girir və həmin ailələrin qadın nümayəndələri sarayda köhnə Sasani ənənələrini dilçərdirdilər. Məlumdur ki,  X əsrdə xilafət tənəzzül edir, belə olduqda Şirvanşahlar öz nüfuzlarını itiməmək üçün əsilzadə nəslinə mənsubluqlarını əsaslandırmalı idilər, bunun üçün yerli Sasani nəsillərinə qohumluğu irəli sürüb, ərəb mənşəli Şeybani tayfasına mənsubluğu arxa plana çəkdilər. Bununla da Şirvanşahlarda Sasani-fars mədəniyyəti dövrü başladı.
1111-ci ildə gürcü çarı IV David qızı Tamar ilə Şirvanşah I Əfridunun oğlu Mənüçöhr nikahlanır, beləliklə gürcü mənşəli Baqrationilər və Kəsranilər arasında  mədəni inteqrasiya başlayır. İslam tarixində baş verməyən, hətta bu gün belə bəzi ölkələrdə xoş qarşılanmayan hadisələrdən biri baş verir ki, müsəlman biri xristianla nikahlanır. Bu da bir daha Şirvanşahların multikultural dəyərlərə sahib olduğunu sübut edir.
 1120-ci ildə III Böyük Mənüçöhrün dövründə Şirvanşahların Gürcü çarlığı ilə münasibətləri daha da yaxşılaşdı, Şirvanda sabitlik və çiçəklənmə dövrü başladı. 1060-cı ildə Mənüçöhrün vəfatından sonra hakimiyyətə oğlu I Axistan gəldi. Axistanın dövründə həm Eldənizlərlə, həm də Baqrationilərlərlə dostluq münasibətləri inkişaf etdi. Mənüçöhrün razılığı ilə Tamar ən kiçik oğlunu gürcü adətləri əsasında böyütmüşdü. Mənüçöhrün vəfatından sonra Tamar kiçik oğlu ilə birlikdə Gürcüstana gedir və atası IV David tərəfindən onun övladlarına idarəsi verilmiş Abxaz torpaqlarındakı vərəsəlik hüququndan istifadə edərək kiçik oğlunu Abxaziya knyazı təyin etdirir. Nəticədə  Kəsranilər və Baqrationilərdən Şervaşidze adlı bir knyaz sülaləsi yaranır. Bu sülalənin nümayəndələri bu gün dünyanın müxtəlif ölkələrində xristian və islam dostluğunun isbatı kimi yaşayırlar.
Şirvanşahlar gürcülərlə yanaşı, avar mənşəli Sərir hökmdarlığı, kürd mənşəli Şəddadilər dövləti, türk-monqol mənşəli Teymur İmperatorluğu, ərəb mənşəli Dərbənd əmirliyi, türk mənşəli Eldənizlər, Ağqoyunlular və Səfəvilər dövləti ilə qohumluq münasibətləri qurmuşdurlar. Bu münasibətlərin nəticəsi olaraq Şirvanşah sarayında bir çox mədəniyyətin izini görə bilərik.  
Xalqımızın multikultural ənənələrinin hələ orta əsrdən formalaşdığını təsdiq edən bu dövlət 1918-ildə İstiqlal bəyannaməsinin IV maddəsinin, müasir Azərbaycanın multikulturalizm siyasətinin qəbul edilməsini tarixi zərurətə çevirir. Bu gün Azərbaycan dövləti qədim tarixi ənənələrin ən yaxşılarını yaşatmaqla uğurlu inkişaf və tərəqqi yolunda inamla irəliləyir.
İstifadə edilmiş ədəbiyyat:
1) Azərbaycan tarixi 7 cilddə II cild // Bakı- 2007.- S. 38-43
2) Azərbaycan tarixi 7 cilddə III cild // Bakı- 2007.- S. 38-41, 91-95
3) İslam Ansiklopediyası 44 cilddə XXXIX cild // İstanbul- 2010.- S. 38-41, 91-95
4) Azərbaycan tarixi, Z.Bünyadov və Y.Yusifovun redaktorluğu ilə // Bakı- 2014.- S. 296-299, 318-323
5) Azərbaycan tarixi, Süleyman Əliyarlının redaktorluğu ilə // Bakı- 1996.- S. 204-214, 217-225
6) Sara Aşurbəyli, Şirvanşahlar dövləti // Bakı- 2006
7) Abbasqulu ağa Bakıxanov, Gülüstani-İrəm // Bakı- 2001.- S. 3-15
8) Ziya Bünyadov, Azərbaycan VII-IX əsrlərdə // Bakı- 2007.- S. 216-227
9) Vladimir Minorski, Şirvan və Dərbənd tarixi // Kembric- 1958.

Xülasə
    Bu iş qədim tarixə malik ölkəmizdə hələ orta əsrlərdə mövcud olmuş multikultural ənənələrə sahib olan Şirvanşahlar dövlətindən danışır. Şirvanşahların min ilə yaxın hakimiyyətləri dövründə torpaqlarında yaşayan müxtəlif və ya eyni dinlərə ibadət edən xalqların arasında heç bir diskriminasiya halı baş verməmişdir. Bu da onu göstərir ki, vətənimizdə hələ orta əsrlərdə belə multikultural ənənələr mövcud olmuşdur.